Daha bir Avropa ölkəsi ehtiyaclarını ödəmək üçün Azərbaycan qazını almağa başlayacaq

25-03-2024, 12:31 111 dəfə baxılıb

Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır.

“Azerinews.az” “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üzrə planlar hazırlanır.

“Trans-Adriatik Boru Kəməri (TAP) kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır”, - “S&P” qeyd edir.

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub.

Beləliklə, Albaniya İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Gürcüstan, Türkiyə, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Eyni zamanda, Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır.

Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə, ötən il ölkə 23,8 milyard kubmetr qaz ixrac edib.

Avropa İttifaqı ilə memoranduma əsasən, Bakı 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü 20 milyard kubmetrə çatdırmalıdır.

Qeyd edək ki, Azərbaycan qazının “Şahdəniz” qaz-kondensat yatağından Trans-Adriatik Qaz Kəməri ilə Avropaya tədarükü 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Ölkənin “Babək”, “Abşeron”, “Ümid” və “Qarabağ” kimi daha bir neçə perspektivli qaz yataqları mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930