Azərbaycana gətirilən avtomobillər 3700 dollar BAHALAŞIB
2024-cü ilin ilk 4 ayında Azərbaycana 27 838 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
Dövlət Gömrük Komitəsindən verdiyi xəbərə görə, gətirilən avtomobillərin ümumi dəyəri 502.6 milyon dollar olub.
İlk 4 ayda ölkəyə gətirilən maşınların 25 003 ədədi minik avtomobili olub. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana gətirilən minik avtomobillərinin sayı təxminən 2500 ədəd azalıb.
Yanvar-aprel aylarında Azərbaycana 5 111 ədəd hibrid, 1 012 ədəd isə elektrik mühərrikli avtomobillər idxal edilib. Hər iki kateqoriyada Azərbaycana gətirilən maşınların sayı artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 4474 hibrid, 568 elektrik mühərrikli maşın gətirilib.
Hibrid və elektrik avtomobillərin sayı ilə yanaşı qiyməti də artıb. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən hibrid avtomobillərinin birinin orta qiyməti 20 min dollara yaxın olubsa, bu il 30 min dollardan çox olub. Elektrik maşınların birinin orta qiyməti isə 42 min dollardan 43 min dollara qalxıb.
Ümumilikdə, ölkəyə gətirilən minik maşınlarının birinin orta qiyməti ötən illə müqayisədə təxminən 3700 dollar bahalaşıb.