Bakı hava limanında parkinq haqqını ödəmək asanlaşdırılıb
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib.
"Azerinews.az" bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.
Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.
Bununla yanaşı, ərazidən ziyarətçilərin daha səmərəli istifadə etməsi üçün aeroportun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.
İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.
Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcək və yaxud https://airport.az/az/transport/parking/ linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.
Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar - "drop off"/ “pick up” onların ixtiyarındadır.