Atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
Atasının ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Sabirabad rayon prokurorluğundan verilən məlumata görə, cari ilin fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
(//genprosecutor.gov.az/az/post/7335)
İstintaqla 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə şüşə butulka ilə, eləcə də təpik və yumruqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı təyin olunmuş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizaların rəylərinə əsasən, təqsirləndirilən şəxs Xəyyam Səmədovun hadisədən sonra anlaqsız vəziyyətdə olmasına, həmçinin, özü və cəmiyyət üçün təhlükəli olmasına əsaslı şübhələr müəyyən edildiyindən onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.
İş üzrə məhkəməyədək icraat tamamlanaraq X.Səmədovun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.