Ötən il Şəkidə süni mayalanma yolu ilə 4275 baş buzov və balaq doğulub
Cari ildə Şəki rayonunda 9475 baş inək, camış və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 201 baş çoxdur. Süni mayalanma yolu ilə alınan buzov və balaqların sayı isə 2024-cü ilə nisbətən 69 baş artaraq 4275 baş olub. Ötən il Şəki rayonu üzrə 3531 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 3856 baş cinsi yaxşılaşdırılmış buzova görə 385,6 min manat subsidiya hesablanıb.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, Şəki rayonunda fərdi təsərrüfatlardakı mal-qaranın süni mayalandırılması işlərinə 2004-cü ildən başlanılıb. “Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, damazlıq cins malların dəyərinin 60 faizinin dövlət büdcəsindən ödənilməsi, süni mayalanma yolu ilə əldə olunmuş hər baş buzova görə 100 manat subsidiyanın verilməsi, süni mayalanma xidməti üzrə infrastrukturun dövlət tərəfindən təmin edilməsi, bütün növ kənd təsərrüfatı heyvanları və quşlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərə qarşı müalicə-profilaktika və diaqnostika tədbirlərinin aparılması heyvandarlıq sahəsinin ilbəil dinamik inkişafını təmin edən əsas amillərdən olub”, - deyə sektor müdiri vurğulayıb.
N.Rəcəbov bildirib ki, son illər Şəki rayonunda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. İndiyədək rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 437 baş damazlıq düyə alınıb. Bu işin gələcəkdə də davam etdirilməsi məqsədi ilə fermerlər arasında maarifləndirmə işləri aparılır. Eyni zamanda, son vaxtlar şəkili fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanma tədbirlərinə də üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır. Belə ki, 2015-ci ildə süni mayalandırılan heyvanların sayı 3752 baş olduğu halda, ötən il bu göstərici 2,5 dəfəyədək artaraq 9475 başa çatıb.
“Ümumiyyətlə, sərəncamın icrası olaraq, 2016-cı ildən indiyədək Şəki rayonu üzrə 22 min 374 nəfər heyvan sahibinə süni mayalanma yolu ilə alınan 25 min 884 baş cinsi yaxşılaşdırılmış buzova görə, hər buzova 100 manat olmaqla, ümumilikdə, 2 milyon 588,4 min manat subsidiya ödənilib”, - deyə sektor müdiri əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: