Həkimdən HƏYƏCAN TƏBİLİ: “Qızılca zamanı A vitamini ehtiyatı tükənir”
“Qızılca üçün xüsusi müalicə yoxdur. Valideynlər tərəfindən uşaqlara evdə həkim təyinatı olmadan hər hansı bir dərman preparatının verilməsi doğru deyil”.
"azerinews.az" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva bildirib.
Pediatr qeyd edib ki, həkim simptomlara, xəstəliyin ağırlığına və mümkün ağırlaşmalara görə simptomatik terapiya təyin edir:
“Qızılcanın tipik gedişi zamanı həkimin təyin edə biləcəyi dərmanlar, antipiretiklər - qızdırma 38 dərəcədən yuxarı olduqda, vitamin A - (qızılca zamanı A vitamini ehtiyatı tükənir, bu da xəstəliyə və ikinci dərəcəli infeksiyalara qarşı müqavimətin azalmasına səbəb olur) öskürək əleyhinə preparatlar, burun axması və burun tutulması zamanı qısa müddətə burun damcılarıdır”.
S.Mehdiyeva onu da əlavə edib ki, xəstəliyin törədicisi virusdur, buna görə də qızılca üçün antibakterial preparatlar təsirsizdir:
“Həkim antibiotikləri yalnız ikinci dərəcəli bakterial ağırlaşmalar inkişaf etdikdə və ya onların qarşısını almaq üçün təyin edə bilər”.