Səhiyyə Nazirliyi isti hava ilə bağlı əhaliyə müraciət etdi
Səhiyyə Nazirliyi ölkə ərazisində müşahidə olunan isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
“Azerinews.az” xəbər verir ki, müraciətdə yay mövsümündə müşahidə olunan isti hava şəraiti ilə əlaqədar istivurma və günvurma kimi insan sağlamlığına ziyanlı hallar baş verəcəyi qeyd olunur.
Bu zaman orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur. İstivurma və günvurmanın əsas əlamətləri – üzün qızarması, şiddətli baş ağrısı, başgicəllənmə, gözlərin qaralması, ürəkbulanma, qusma, burundan qanın axması və görmə qabiliyyətinin pozulmasıdır. Günvurma və ya istivurmaya məruz qalan şəxsi dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq lazımdır.
Yay aylarında ilk növbədə yetərincə maye qəbul edilməli və orqanizmi həddindən artıq istilənməkdən qorumaq tövsiyyə edilir. Bu mövsümdə meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmin susuzlaşdığı bir dövrdə çox vacibdir.
Yay mövsümündə istehlak edilən hazır və sağlam olmayan qidalar, yağlı yeməklər, spirtli və şirin içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur.
İsti havalarda həddindən artıq idman etmək insan səhhəti üçün təhlükəli ola bilər. Baş nahiyəsini günəşdən qorumaq üçün gün eynəkləri, qoruyucu papaqlar və çətirlərdən istifadə edilməlidir.
Açıq havada, xüsusilə isti yay günlərində günəşin altında olmağın ən optimal vaxtı səhər 10-a kimi və axşam 6-dan sonra hesab olunur.