Mehriban Əliyeva kardinal Ceyms Harvi ilə görüşdü - Fotolar
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.
Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: