Mirzoyan Hakan Fidanla görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb
“Ermənistan və Türkiyə hazırda Ani yaxınlığındakı tarixi körpü ilə bağlı protokollar mübadiləsi aparır”.
Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının Türkiyə XİN rəhbəri Hakan Fidanla Antalyada təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşü zamanı müzakirə olunan məsələləri açıqlayarkən deyib.
O, xatırladıb ki, İrəvan və Ankara Ani yaxınlığındakı körpünün birgə təmiri ilə bağlı razılığa gəliblər.
“Hazırda biz bu körpü ilə bağlı xüsusi protokollar mübadiləsi aparırıq. Bu işin optimal şəkildə necə təşkil oluna biləcəyini anlamaq lazımdır”, - deyə Mirzoyan bildirib.
Sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılaşmaya gəlincə, XİN rəhbəri qeyd edib ki, qismən açılış hələ həyata keçirilməyib.
Mirzoyan xatırladıb ki, Antalya forum çərçivəsində Türkiyə mətbuatına müsahibə verib:
“Bizim üçün təkcə Türkiyə tərəfinin rəsmiləri ilə deyil, həm də Türkiyə cəmiyyəti ilə ünsiyyət və özümüzü tanıtmaq mühümdür. Ermənistan-Azərbaycan danışıqları da daxil olmaqla, mövqelərimizi və ideyalarımızı türkiyəli tərəfdaşlara, eləcə də ictimaiyyətə çatdırmaq ən azından düzgün anlaşılma baxımından çox vacibdir”.