ATƏT sədri Ceyhun Bayramovla nələri müzakirə edib?
“Bakıda olmaqdan çox şadam. Bu, ATƏT-in fəaliyyətdə olan sədri kimi Bakıya ilk səfərimdir”.
“Azerinews.az” xəbər verir ki, bunu Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borq Bakıda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“İnanırıq ki, təşkilatımızın qarşıda duran çağırışlara cavab verməyə gücü var. Biz bütün iştirak edən dövlətlərin səylərinə arxalanırıq. Təşkilatın gücünü artırmaq istəyirik, sülh və sabitlik naminə daha effektiv qərarların verilməsi istiqamətində işləyəcəyik.
Bakıya səfərim həm ATƏT çərçivəsində, həm də nazir olaraqdır. Ceyhun Bayramovla bir sıra məsələləri, o cümlədən Azərbaycanın Ermənistanla olan danışıqlarda mövqeyini müzakirə etdik. Qeyd etdik ki, dayanıqlı sülhün əldə olunması ATƏT üçün başlıca prioritetdir. Praqmatik danışıqların aparılması daha məqbuldur. Delimitasiya prosesinin başlanılmasını yaxşı qarşılayırıq və fəaliyyətlərin gələcəkdə də inkişaf edəcəyinə ümid edirik”, - deyə Borq qeyd edib.
O, dünən İrəvana səfərində ermənistanlı həmkarları ilə də danışıqların yaxşı məramla aparıldığını qeyd edib: “İrəvanda kommunikasiyaların açılmasını və humanitar məsələləri müzakirə etdik”.