“Azərbaycan xarici dövlət borcunu 10 milyard dollara çatdırmağı düşünür”
“Xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir. Lakin belə aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib. Ölkəmizin qarşısında duran müəyyən çağırışların, layihələrin həyata keçirilməsi prizmasından maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirərək kreditlərin cəlb edilməsi məqsədəuyğun hesab olunub”.
“Azeerinews.az” xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələri icra edə bilək” ,- nazir vurğulayıb.