Qarabağda sülhməramlılara ehtiyac qalmadı - Sonuncu köç yola düşür

29-05-2024, 12:08 211 dəfə baxılıb

 Bu ilin aprelindən Rusiya sülhməramlıları Qarabağdan çıxmağa başlayıb. Sülhməramlı kontingentə məxsus ilk avadanlıq və texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxarılıb.

Rusların ərazilərimizdən çıxarılması əldə edilmiş razılıq əsasında həyata keçirilir. Sonuncu qrup mayın 31-də Qarabağdan çıxacaq.

Məsələ ilə bağlı  danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağı tərk etməsi suverenliyimizin tam bərpasıdır:

“Rusiya sülhməramlılarının əsas məqsədi tərəflər arasında sülhün təmin edilməsi və silahlı mübarizənin qarşısının alınması idi. Azərbaycan 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri ilə suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusu vaxtilə Qarabağda fəaliyyət göstərən Ermənistanın silahlı birləşmələrini, eyni zamanda terror qruplarını darmadağın edib, ərazilərindən təmizlədi. Təbii ki, bu, uğurlu daxili və xarici siyasətin təzahürüdür. Bu gün sülhməramlıların Azərbaycanda qalmasına və hansısa funksiyaları yerinə yetirməsinə ehtiyac qalmadı. Artıq sülhməramlı qüvvələr Azərbaycanı tərk etməkdədir. Sonuncu qurğular Azərbaycanı mayın 31-də tərk edəcək. Bundan başqa, birgə monitorinq mərkəzi də bağlanıb. Artıq monitorinq məsələsi də yoxdur. Azərbaycan Ordusu, hüquq-mühafizə və xüsusi xidmət orqanları azad edilmiş ərazilərdə əməliyyat şəraitinə tam nəzarət edir”.

 

 Deputat onu da qeyd edib ki, sülhməramlıların ərazilərimizdən çıxmayacağını düşünənlərin yanıldığı bir daha üzə çıxdı:

“Rusiya birləşmələrini Azərbaycan ərazisindən 2025-ci ildən sonra da çıxarmayacağını düşünənlər vardı. Bir daha belə düşüncə sahiblərinin məsələyə yanaşmasının absurd olduğu ortaya çıxdı. Bizim dönməz, müstəqil daxili və xarici siyasətimiz var. Artıq Xankəndi, Xocalı və bütün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən qalan tör-töküntü silah-sursatların yerləri aşkar edilir və onların bir yerə yığılması, zərərsizləşdirilməsi prosesi gedir. Bütün dövlət strukturları  öz funksiyalarını ən yüksək səviyyədə yerinə yetirirlər. Bu, bizim hüququmuzun ən mühüm hissələrindən biridir”.
 Milli Məclisin deputatı Naqif Həmzəyev isə deyib ki,  Rusiya sülhməramlılarının Qarabağdan çıxması Azərbaycanın gücü və qüdrətini, onun Rusiya ilə münasibətlərinin yüksək səviyyədə olmasını göstərir.
 "Predent İlham Əliyev uğurlu xarici siyasəti davam etdirdi, Azərbaycan öz suverenliyini bərpa etdi. Bu, Azərbaycanın yeni reallıqlar fonunda suverenliyini, təhlükəsizliyini öz gücünə qorumağa qadir olduğunu göstərir. Hazırda sülh anlaşması ilə bağlı iş gedir. Şərti sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində əməli addımlar atılır. Göründüyü kimi, Azərbaycan 21-ci əsrdə sülhün əldə edilməsi üçün yeni model ortaya qoymaqdadır".

 

 Deputat vurğulayıb ki, Azərbaycan dünyaya diplomatiya dərsi keçir:
 "Azərbaycanın diplomatiya sahəsində də dünyaya dərs keçdiyinə şahidlik edirik. Bu, Prezident İlham Əliyevin rəhbərliyi, xalqımızın və dövlətimizin uğurudur. Azərbaycan daha da güclənəcək, onun rifahı daha da artacaq. Zəngəzur dəhlizi işə düşəcək, eyni zamanda Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq üçün Qafqaz ailəsinin formalaşdırılması və birgəyaşayışın mümkünlüyünü reallaşdırmaq mümkün olacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930