Artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın yeni məbləği açıqlanıb
Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır.
"Azerinews.az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib.
O bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək.
Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.