Nizamidə konfrans keçirildi - Fotolar
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 mart 2024-cü ildə Milli Məclisin deputatı Könül Nurullayevanın, rayonun idarə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərlərinin iştirakı ilə “Yaşıl Dünya Naminə Həmrəylik ili” ilə əlaqədar konfrans keçirilib.
“Azerinews.az” xəbər verir ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və bununla bağlı Nizami Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş, rayonda görüləcək işlərə dair Tədbirlər Planı barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Xüsusilə vurğulanıb ki, regionun ən güclü dövləti, beynəlxalq siyasi arenanın bərabərhüquqlu tərəfdaşı kimi müstəqil Azərbaycanın nüfuzu durmadan artır, ölkəmiz qlobal beynəlxalq tədbirlərin və taleyüklü məsələlərin müzakirəsinə ev sahibliyi edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhvəsinin təqdir olunmasının bariz nümunəsidir. Bütün postsovet məkanında ilk dəfə olaraq bu mötəbər qlobal tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Bu eyni zamanda Beynəlxalq birliyin Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Konfransda həmçinin Milli Məclisin deputatı Könül Nurullayeva, YAP Nizami Rayon təşkilatının sədri Ramil Vəlibəyov, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov və digərləri çıxış edərək “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək tədbirlərdə bütün təşkilatların, habelə geniş rayon ictimaiyyətinin fəal iştirakının zəruriliyini önə çəkərək bu sahədə hamılıqla həmrəylik nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.
Konfransdan sonra rayon ərazisində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.