Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

3-05-2024, 17:05 81 dəfə baxılıb

 Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

"Azerinews.az" ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

İndiyə qədər qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.
Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930