Bu gün 10-cu ümumrespublika televiziya kanalı ARB-nin yubileyidir
ARB (Azerbaijan Republic Broadcaster) - 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı olub.
14 mart 2014-cü il tarixində ARB televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən, Azərbaycan üzrə yayım hüququ əldə edib.
ARB televiziya kanalı müstəqil regional telekanallar - “Kəpəz” TV (Gəncə), “ARB Şimal” (Xaçmaz), “ARB Cənub” (Lənkəran), EL TV (Yevlax), “Kanal-S” (Şəki) və “ARB 24”ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir.
ARB Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır.
Bölgələrdə isə yayım regional telekanalların - “ARB Kəpəz”, “ARB Şimal”, “ARB Cənub”, “ARB Aran” və “ARB Şəki”nin siqnalları vasitəsilə həyata keçirilir.
Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan “Azerspace 1”in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.
ARB-nin yayım və proqram mərkəzi “Kəpəz” TV-nin bazasında yaradılıb və Gəncə şəhərində yerləşir.
Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı - “ARB 24”ün əsasında yaradılıb.
ARB-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır.
ARB-nin əsas istiqaməti ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatının işıqlandırılması, habelə Azərbaycanın bölgələrinə xüsusi diqqət ayırmaqdır.