300 bal toplayan şagirdlər arasında özəl orta məktəblərin heç bir məzunu yoxdur
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) dünən tam orta təhsil səviyyəsi (11 illik) üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.
DİM-in məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək bilik nümayiş etdirən şagirdlərin 13-ü qızdır. Cəmi 1 oğlan 300 bal toplamağa müvəffəq olub.
Həmin şagirdlərin (siyahı) 6-sı Bakı, 3-ü Qəbələ, 3-ü Şəki, 1-i Abşeron, 1-i Gəncə məktəblərini təmsil edir.
"Azerinews.z" xəbər verir ki,300 bal toplayan şagirdlər arasında özəl orta məktəblərin heç bir məzunu yoxdur.
Azərbaycandakı özəl orta məktəblərdə təhsil haqları 8 min manatdan 15 min manata qədər dəyişir.
Məsələn, “Landau School”da yuxarı siniflərin illik təhsil haqqı 12500-15000 manat aralığında dəyişir.
“Kaspi” Liseyində Azərbaycan bölməsi üçün təhsil haqqı 5-11-ci siniflərdə 8300 manatdır.
“Baku Oxford School”da IX-XII siniflər üzrə təhsil haqqı 17000 manat müəyyənləşdirilib.
Xəzər Universiteti Dünya Məktəbində isə Azərbaycan və rus bölmələrində V-XI siniflər üçün təhsil haqqı 9500 manatdır. Məktəbin ingilis dili bölməsində təhsi lhaqqı illik 10500 manat təşkil edir.
Avropa Azərbaycan Məktəbində X-XI siniflər üçün illik təhsil haqqı 15500 manata çatır.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 32 özəl orta məktəb fəaliyyət göstərir. Onlardan 1-i regionda (Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi), digər 31-i isə Bakıda yerləşir.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatına görə, hazırda Azərbaycandakı özəl ali məktəblərdə 20 mindən çox şagird təhsil alır. Onlardan təxminən 8500 nəfəri qızlardır.
Bu məktəblərdə 3300-dən çox müəllim çalışır.