Yenidən imtahan vermək istəyənlərin diqqətinə!

15-04-2024, 15:10 125 dəfə baxılıb

 Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı elan edilir.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, qeydiyyat prosesi 2024-cü il aprelin 15-dən mayın 6-dək internet vasitəsilə aparılır

Bildirilib ki, ərizə qəbulunun birinci mərhələsi 2024-cü il martın 1-dən 15-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2024-cü il aprelin 15-dən 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin 1-15 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin keçən il topladıqları bal nəzərə alınacaq.

Müsabiqədə iştirak ödənişlidir. “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Bu kateqoriyadan olan abituriyentlər I ixtisas qrupunun RK və Rİ altqruplarının hər ikisini seçdikləri halda “İnformatika”, III ixtisas qrupunun DT və TC altqruplarının hər ikisini seçdikləri halda isə “Coğrafiya” fənni üzrə imtahanda iştirak etmək üçün müvafiq qaydada əlavə ödəniş edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər və onlara edilən güzəştlər haqqında məlumat

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd 1. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu əvvəlcədən elan olunduğu kimi, 11 may – 31 iyul tarixlərində  internet vasitəsilə aparılacaq.

Qeyd 2. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 1-15 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930