Əhməd Əhmədovun vəkili ekspertiza rəyindən DANIŞDI
“Bakıda ailəsinin 5 üzvünü vəhşicəsinə qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün təyin edilmiş ekspertizanın rəyi hələ açıqlanmayıb”.
Bu barədə “Yeni Müsavat”a açıqlama verən Əhməd Əhmədovun vəkili Sevdiyar Bayramov deyib ki, müvəkkili barəsində ekspertizanın rəyini gözləyirlər.
Vəkil rəyin konkret neçə günə veriləcəyini deməyib.
Qeyd edək ki, istintaqı Xətai Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə aparır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən xəbərə görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur:
“Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir.
Xatırladaq ki, ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. Belə ki, Əhməd Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib. Əhməd Əhmədov ifadə verərkən istintaqçıların suallarını da olduqca aqressiv şəkildə cavablandırıb. “Ailə üzvlərini niyə öldürmüsən?” sualına cavabda isə Əhməd Əhmədov “Ailəmi öldürdüm, çünki belə lazım idi” söyləyib.
Hazırda Psixiatriya Xəstəxanasına yerləşdirilmiş Əhməd Əhmədovun psixi durumu haqqında ziddiyyətli məlumatlar var. Əhməd Əhmədovun bu qətli həyata keçirərkən anlaqlı olub-olmadığı yekun ekspert rəyindən sonra bilinəcək. Əhməd Əhmədovun dindirilməsində iştirak edən hüquq-mühafizə orqanı əməkdaşları, təcrübəli hüquqşünaslar söyləyirlər ki, Ə.Əhmədovun qətli anlaqsız vəziyyətdə törətməsinə hamısında şübhələr yaranıb. Belə ki, Əhməd Əhmədov affekt vəziyyətdə olsaydı, ardıcıllıqla ailəsinin üzvlərini yox, yolda-izdə gördüyü insanları öldürə bilərdi. Amma o, şüurlu şəkildə ailə üzvlərini öldürüb və anasını evə çağırması, sonra bacısının evinə getməsi onun anlaqlı olduğunu göstərir.
Bu arada hazırda Əhməd Əhmədovu qohumlarından heç kim axtarmır. Ona dövlət tərəfindən təyin edilmiş vəkil hüquqi xidmət göstərir. Bundan sonrakı istintaq hərəkətləri zamanı vəkil onu müşayiət edəcək. İstintaq zamanı Əhməd Əhmədov qətllərlə bağlı detallar danışmayıb. Suallara isə lakonik, amma əsəbi cavablar verməklə kifayətlənib. “Balta ilə, bıçaqla vurmuşam” deyərək, əlavə təfərrüat da verməyib. Cinayət alətləri olan bıçaq və baltanı isə atasının yaşadığı evin altındakı mağazadan satın alıb.
Hazırda istintaq davam edir.