Yel çərşənbəsində ən yüksək temperatur 5 il öncə olub
Novruz bayramının üçüncü çərşənbəsi olan Yel çərşənbəsində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz, bəzi şərq rayonlarında qısamüddətli yağıntılı keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9, Aran rayonlarında 9-13 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, son 10 ilin Yel çərşənbəsində ən yüksək temperatur göstəricisi 2019-cu ildə qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında 19, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 14 dərəcə isti olub.
N.Mahmudovun sözlərinə görə, 2014-cü ilin Yel çərşənbəsində isə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 16 dərəcə isti, 2015-2016-cı illərdə 13 dərəcə isti, 2017-ci ildə 12 dərəcə isti, 2018-ci ildə 5 dərəcə isti, 2019-cu ildə 19 dərəcə isti, 2020-ci ildə 15 dərəcə isti, 2021-ci ildə 7 dərəcə isti, 2022-ci ildə 13 dərəcə isti, 2023-cü ildə 8 dərəcə isti olub. Bu gün isə 9 dərəcəyədək isti müşahidə olunur.