Gəncədə Çanaqqala Zəfərinin 109-cu, İstiqlal marşının qəbulunun 103-cü ildönümləri qeyd olunub
Gəncədə Çanaqqala Zəfərinin 109-cu, İstiqlal marşının qəbulunun 103-cü ildönümləri qeyd olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önündə 18 Mart – Çanaqqala Zəfərinin 109-cu, Türkiyənin İstiqlal marşının qəbul edilməsinin 103-cü ildönümləri ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Ege Universitetinin əməkdaşı, dr. Hasan Kağan Yayla, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qafqaz İslam Ordusu şəhidlərinin xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzülüb. Daha sonra Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Anım mərasimində çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop Vətən uğrunda canından keçən türk və Azərbaycan şəhidlərini yad edib, qazanılan zəfərlərin əbədi olmasını diləyib. O qeyd edib ki, Türkiyə xalqı 109 il əvvəl Çanaqqalada böyük bir tarix yazıb. Çanaqqala zəfəri məhv olmaq təhlükəsində olan bir ölkənin şanlı Qələbəsidir. Bu zəfər türk millətinin gücünün və sarsılmazlığının ifadəsidir. O, Türkiyə ilə Azərbaycan arasında olan tarixi dostluq və qardaşlıq əlaqələrinə də toxunub. Bildirib ki, Türkiyə dövləti daim Azərbaycan xalqının yanındadır və hər bir sahədə əlindən gələni etməyə hazırdır.
Baş konsul eyni zamanda, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu hörmət və sevgi ilə yada salıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Bildirib ki, Çanaqqala döyüşündə 3 minə yaxın azərbaycanlı iştirak edib və qardaş ölkənin müstəqilliyi uğrunda canlarından keçib. Qeyd edib ki, iki dövlət beynəlxalq aləmdə hər zaman bir-birinin haqlı mövqeyinin fəal dəstəkçisi kimi çıxış edir. Çanaqqala Zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsl qardaşlıq nümunəsi göstərmiş, böyük qurtuluş savaşında könüllü iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın bir ifadəsidir.
Tədbirdən sonra Çanaqqala Zəfərinin 109-cu ildönümü ilə bağlı Samux rayonunda ağacəkmə aksiyası keçirilib.