Gəncədə şəhid Orxan Əsgərovun il mərasimi təşkil edilib
Gəncədə şəhid Orxan Əsgərovun il mərasimi təşkil edilib.
"Azerinews.az" xəbər verir ki, bu gün İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olan Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun Gəncə şəhərində il mərasimi təşkil edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, mərasimdə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədə Baş konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov şəhid Orxan Əsgərovun atası Rizvan Əsgərova başsağlığı verib.
Qeyd edək ki, Azərbaycan Republikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şəhid Orxan Əsgərov (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, səfirliyin Mühafizə Xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb. Terrorçu səfirliyin əməkdaşları tərəfindən zərərsizləşdirilib. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan Orxan Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.