Gəncədə iftar verilib
Gəncə şəhərində şəhid ailələri, qazilər və inanclı insanlar üçün iftar süfrəsi təşkil olunub. Azərbaycan Ümid partiyasının Gəncə şəhər təşkilatının sədri Salman İmanlının təşkilatçılığı ilə baş tutan tədbir ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Salman İmanlı giriş nitqi ilə çıxış edərək öncə məclis iştirakçılarına dəvəti qəbul etdiklərinə görə minnətdarlığını bildirdi. Natiq müqəddəs Ramazan ayının bütöv Azərbaycan ərazisində qeyd edildiyini bildirdi: "Artıq işğaldan azad olunmuş Vətən torpaqlarında azan səslənir, namaz qılınır, oruc tutulur. Bütün bunlara görə şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq."
Sonra məclis iştirakçıları ölkəmiz, Vətənimiz üçün dualar edərək oruc açdılar. Sonda iftar süfrəsinin iştirakçıları təşkilatçılığa görə Salman İmanlıya dərin təşəkkür etdilər, qazilər bundan sonra da dövlətçiliyimizin keşiyində durmağa hazır olduqlarını bildirdilər.
Qeyd edək ki, iftar süfrəsində əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilər olmaqla 40-dan çox adam iştirak edib.