Şirvanda Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan-Salyan Regional Mədəniyyət və Təhsil İdarələrinin birlikdə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Azerinews.az” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Öncə şəhərin mərkəzi meydanında ucalan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Zərifə Əliyevanın mənalı ömür yoluna həsr olunmuş sərgiyə baxış keçirilib.
İlqar Abbasov çıxışı zamanı qeyd edib ki, tanınmış ziyalı nəslin layiqli davamçısı və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Zərifə Əliyeva oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla, görmə problemli insanlara şəfa olan bir insan olub.
Vurğulayıb ki, Zərifə xanım ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olmaqla, əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilib, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, Qalib Ali Baş Komandan İlham Əliyevi bəxş edib.
Sonra Z.Əliyevanın həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş olunub.
Tədbir incəsənət ustalarının və mədəniyyət ocaqlarının kollektivlərinin rəngarəng konsert proqramı ilə davam edib.