Gömrük əməkdaşları qəzaya düşdü - Ölən və yaralananlar var
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Şabran rayonunun Dəvəçi kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
“Azerinews.az” FHN-ə istinadən xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“Report”un məlumatına görə, qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.
Hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.