Avropa İttifaqı İsrailə silah vermir
"İsrailin apardığı əməliyyatlar mütənasib deyil, bunu artıq İsrailin ən yaxın müttəfiqi ABŞ-da bəyan edir".
"Azerinews.az" xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell jurnalistlərin sualını cavablandırarkən deyib.
"Dünən hətta ABŞ Prezidenti əməliyyatların artıq mütənasib olmadığını, onların həddindən artıq olduğunu, öldürülən insanların sayının dözülməz olduğunu bildirdi. Düşünürəm ki, bu qiymətləndirməni getdikcə daha çox insandan eşidirik. Hətta İsrailə ən güclü dəstəyi verən Birləşmiş Ştatlar belə - Prezident Baydenin özü tərəfindən - bu hərəkətlərin qeyri-mütənasib olduğunu, öldürülən insanların - mülki şəxslərin sayının dözülməz olduğunu hesab edir və İsrailə bu yolu davam etməməsi barədə xəbərdarlıq edir. Amma məni bir sual düşündürür: Sizcə sözlərdən başqa nə etmək lazımdır? Əgər ölənlərin sayının çox olduğuna inanırsınızsa, onu azaltmaq imkanınız varmı?", - deyə Aİ-nin Ali Nümayəndəsi bildirib.
Diplomat deyib ki, Avropa İttifaqı İsrailə silah vermir. "Amma başqaları bunu edir. Əgər ölənlərin sayının çox olduğuna inanırsınızsa, bəlkə onu azaltmaq üçün bir şey edə bilərsiniz", - Borrell əlavə edib.