Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq müstəvidə görülən işlər açıqlanıb
“Qərbi Azərbaycan İcması cari ildə BMT, Avropa İttifaqı, UNESCO daxil olmaqla bir çox beynəlxalq təşkilatlara müraciət ünvanlayıb”.
"Azerinews.az" xəbər verir ki, bunu icmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, cari ilin yanvar ayında Qərbi Azərbaycan İcması Qayıdış Konsepsiyasını təsdiqləyib: “Bizim qayıdış hüququmuza beynəlxalq dəstəyin əldə edilməsi məqsədilə xarici dövlətlərə, BMT, Avropa İttifaqı, UNESCO daxil olmaqla beynəlxalq təşkilatlara müraciətlər göndərib.
İcmamızın Qayıdış Konsepsiyası və digər mühüm sənədləri BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılmışdır. Bütün bunlar bizim insan hüquqları gündəliyimizi daha fəal şəkildə irəlilətməyə dair inamımızı artırır”.
Ə.Ələkbərli vurğulayıb ki, Qərbi Azərbaycan İcmas BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, UNESCO, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığı daxil olmaqla, beynəlxalq aləmdə insan hüquqları və humanitar məsələlər sahəsində bütün mötəbər qurumlarla dialoq və əməkdaşlıq qurub. İcmamızın nümayəndələri Avropa Şurasının Demokratiya Forumunda, UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda, BMT-nin Azlıqların Məsələləri üzrə Forumunda iştirakları bu sahədə uğurlarımıza dair bir neçə misaldır”.