Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

27-06-2024, 19:00 87 dəfə baxılıb

Bu gün dən başlayaraq iyunun 30-dək Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçiriləcək.

 Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir.

Mərasimdə UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Miulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti A.Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, xarici ölkələrin Özbəkistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələrinin iştirakı gözlənilir.

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

28-29 iyun tarixlərində isə forumun sənətçi iştirakçıları arasında ifaçılıq müsabiqəsi təşkil olunacaq. Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan mütəxəssislərin yer aldığı beynəlxalq münsiflər heyəti ifaçıları “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyaları üzrə qiymətləndirəcək. Qaliblər forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaq.

Qeyd edək ki, müsabiqənin Qran-pri üçün 15 000 ABŞ dolları, I yer üçün (solo ifa və ansambl nominasiyaları) 10 000 dollar, II yer üçün (solo ifa və ansambl) 7 000 dollar, III yer üzrə (solo ifaçı və ansambl) 5 000 dollar məbləğində mükafat nəzərdə tutulub.

Bundan əlavə, iştirakçıları dəstəkləmək və həvəsləndirmək məqsədilə “Ən yaxşı solist – maqom ifaçısı”, “Ən yaxşı musiqiçi – maqom ifaçısı”, “Maqom sənətində ən yaxşı müəllim”, “Ən yaxşı maqom təbliğatçısı”, “Ən yaxşı gənc maqom ifaçısı” və “Ən yaxşı maqom bəstəkarı” kimi nominasiyalar üzrə iştirakçılar üçün də hədiyyə və mükafatlar təqdim olunacaq.

Forum gedişində həmçinin Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək.

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

Qeyd edək ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ilin 6-10 sentyabr tarixlərində Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunmuş və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930