“Rusiya-Ukrayna cəbhəsində vuruşanların Azərbaycan vətəndaşlığı ləğv olunmalıdır”
“Məruzədə İraq və Suriyada döyüş zonalarında qalan 469 qadın və uşağın ölkəyə qaytarılması-repatriasiyası əksini tapıb. Xüsusi vurğulayaq ki, terrorçu dəstələrə qoşulanlara və onların yaxınlarına münasibət dünyada birmənalı deyil. Yaxın Şərqdə qeyri-qanuni silahlı qruplaşmalarda iştirak edənlərin və qohumlarının öz ölkələrinə qayıtması təhlükə sayılır. DTX-nin rəsmi məlumatına görə, Suriyaya gedən vətəndaşlarımızın sayı 1000-dən çox olub”.
“Azerinews.az” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc parlamentin plenar iclasında bildirib.
“İndi Rusiya-Ukrayna müharibəsində də eyni vəziyyət yaranıb. Səngərin hər iki tərəfində bir-birinə güllə atanların həm də azərbaycanlılar olduğuna acıyırıq. Biz məhz Azərbaycan vətəndaşlarının nizami ordularda iştirakını üsyançı hərbi birləşmələrin tərkibində vuruşmaları ilə eyni cinayət sayırıq. Ona görə də Suriya və İraqda döyüşən bir qrup azərbaycanlı kimi, Ukrayna savaşında hər iki səngərdə savaşanların da vətəndaşlığı ləğv olunmalıdır. Sözügedən insanların, hətta uşaqlarının belə psixoloji durumunda dərin kök salan zədələr onların inteqrasiyası və reabilitasiyasını çətinləşdirir. Ona görə qanunvericilik sisteminin daha da sərtləşməsinə ehtiyac var”, - deyə deputat vurğulayıb.