Baş prokuror səfirliyimizə hücum edən şəxsdən DANIŞDI
“İranda səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir”.
Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, prokurorluq bu işlə bağlı daimi əlaqədədir:
“Amma burada prosessual qayda var. Yəni birinci instansiya məhkəməsinin hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiq edilməlidir. Bundan sonra hökm icra ediləcək”.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun haqqında ölüm hökmü çıxarılıb.