Azərbaycanın Somali ilə əməkdaşlığı – Afrikada genişlənən əlaqələr - ŞƏRH
Bu qitəni avropalı müstəmləkəçilərin işğalı isə onlara münasibətdə irqi ayrı-seçkilik yaradıb. İnsanlığa zidd bu yanaşma indi cinayət sayılır.
Osmanlı İmperiyası isə bu qitədə daim dostluq, qardaşlıq, əməkdaşlıq kimi xoş münasibətləri təbliğ edib. Quldarlığa qarşı olub.
Sovetlərdən sonra tarix və müstəqillik Afrikaya yeni baxışa səbəb olub. Bu qitənin zəngin maddi, mənəvi irsi onu yenidən dünya dövlətləri üçün cazibədar edib. İndi Afrika qarşılıqlı fayda naminə Azərbaycan üçün də sərfəli tərəfdaş sayılır.
Qitə ölkələri ilə Azərbaycanın tarixi bağları var. Sultan Bəybarsın hakimiyyəti illərində Qaraqoyunlularla Məmlüklərin əlaqə və münasibətlərini yada salmaq olar. Qaraqoyunlu Baharlı, Ağqoyunlu Bayandurlu sonra isə Səfəvi dövləti ilə münasibət qurulmuş, tərəflər arasında əlaqələr yaranmışdı. Anadoludakı tayfa ittifaqları ilə normal münasibət saxlayan Məmlük sultanı Ağqoyunlulara da dəstək verirdi.
Bu günlərdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Misirin paytaxtı Qahirədə türk dilində əlyazmasının aşkarlanmasına dair xəbər yayılıb. Bu, bütün hallarda Afrika ölkəsi ilə tarixi mədəni əlaqələrə örnək sayıla bilər.
Keniya və Uqandada türklərin tarixi izləri, varlığı var. XIX əsrin sonlarından Hindistanın Qucarat bölgəsində çoxlu sayda Osmanlı türk ailəsi həmin ölkələrə köçürülüb. Çalışqanlıqları nəticəsində onlar orada varlanıb, yeni həyat qurublar. Ötən əsrin ortalarında müstəmləkəçiliyə qarşı mübarizə nəticəsində onlar həmin ölkələrdən Avropaya köçürülüb.
Bu, Türk dünyası ilə Afrika arasında əməkdaşlığın güclənməsi və genişlənməsi istiqamətində mühüm addım sayıla bilər. Belə bir addım TDT-nin beynəlxalq təşkilatla əlaqələr baxımından əhəmiyyətlidir.
Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılıb. Quruma qitənin 55 ölkəsi daxildir. 2011-ci ilin yanvarında Azərbaycana İttifaqda müşahidəçi statusu verilib.
Əlcəzair, Anqola, Konqo Demokratik Respublikası, Misir, Zambiya, Kamerun, Konqo Respublikası, Kot-d'İvuar, Liviya, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali, Sudan, Tunis, Efiopiya, Cənubi Afrika Respublikası kimi ölkələr bu ittifaqın üzvləridir.
Neokolonialistlər qitədə itirdikləri mövqelərini bərpa etməyə cəhd göstərirlər.
Afrika Osmanlı dövlətinin nümunəsində türklərdən elə ciddi ziyan görməyib. Odur ki, keçmiş, tarixi əməkdaşlığın bərpası hər iki tərəfə faydalı olar. Tərəflər arasında tarixi ticarət yolu olub. Müasir dövrdə onu karbohidrogen yataqlarının birgə istismarı, onların nəqli və quru yolla yük daşımaları istiqamətində inkişaf etdirmək mümkündür.
Rəsmi Bakının İttifaqa üzv ölkələrlə əməkdaşlıq etməsi həm də təşkilatın XI zirvə toplantısının qəbul etdiyi qərarın icrası istiqamətində atılan addımdır.
Azərbaycanın Misir, Mərakeş, Əlcəzair, Sudan, Efiopiya, Tunis, Mozambik, Nigeriya və başqaları ilə ənənəvi əlaqələri var. Keçmiş sovetlər dövründə müstəmləkədən azad edilmiş ölkələrlə Azərbaycanın əlaqələri olub. Həmin dövrdə qitənin bir sıra ölkələrinin gəncləri Bakıda müxtəlif ali məktəblərdə təhsil alırdı.
Bu günlərdə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycanda rəsmi səfərdə olub. O, Prezident İlham Əliyevlə ikitərəfli münasibət və əlaqələrin inkişafına dair görüş keçirib.
Tərəflər arasında bir sıra sənədlər - “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Hasan Şeyx Mahmud səfərin sadəcə diplomatik əməkdaşlıq olmadığını bildirərək deyib: “Bu, həqiqətən, iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür. Bu gün biz əsasən tərəflər arasında daha sıx əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bildirdik”.
Hasan Şeyx Mahmud bildirib ki, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər: “Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir”.
Prezidentlərin mətbuat üçün açıqlamalarından da göründüyü kimi, Azərbaycanla Somali arasında əlaqələrin inkişafı ikitərəfli münasibətləri genişləndirməklə yanaşı, TDT ilə Afrika İttifaqı arasında əməkdaşlığa təkan verəcək.
Azərbaycan və Türkiyənin Afrika İttifaqı ölkələri, o cümlədən Somali ilə əməkdaşlığı TDT-nin prinsiplərinə, Şuşa Bəyannaməsindəki “Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar” müddəasına uyğundur.
Somali ilə əməkdaşlıq etməklə Azərbaycan Afrika ölkələri bazarları ilə əməkdaşlığı da genişləndirmək imkanı əldə edir.(Report)