Həndbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb
18 yaşadək kişi həndbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
"Azerinews.az"ın məlumatına görə, 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupa bölünüb.
Qruplarda ilk iki yeri tutacaq komandalar Monteneqroda təşkil olunacaq AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanacaqlar. Onlar ev sahibi ilə yanaşı, yarışda iştirak hüququna öncədən yiyələnən İspaniya, İsveç, Almaniya, Xorvatiya, Danimarka, İslandiya, Macarıstan, Sloveniya, Portuqaliya, Norveç, Fransa, Serbiya və Farer adalarına qoşulacaqlar. Qitə birinciliyinə 2024-cü il iyulun 21-də start veriləcək.
Təsnifat turnirində qruplarda 3-4-cü yerləri tutacaq yığmalar isə II dərəcəli Avropa çempionatına yollanacaqlar. Hazırda Azərbaycan, Gürcüstan, Bolqarıstan, Böyük Britaniya və Belçikanın bu yarışda iştirak edəcəyi dəqiqdir. Avqustda keçirilməsi planlaşdırılan yarışın hansı ölkədə təşkil olunacağı hələ bəlli deyil.
Təsnifat mərhələsində qrupların tərkibi:
1-ci qrup: İtaliya, Niderland, Yunanıstan, Litva
2-ci qrup: Şimali Makedoniya, İsveçrə, Slovakiya, Kosovo
3-cü qrup: İsrail, Polşa, Lüksemburq, Bosniya və Herseqovina
4-cü qrup: Çexiya, Ukrayna, Türkiyə, Estoniya
5-ci qrup: Avstriya, Rumıniya, Latviya, Finlandiya