"Kəpəz"in gürcüstanlı yarımmüdafiəçisi: Oyunçularımız və azarkeşlərimiz qəhrəmandırlar
Oyunçularımız və azarkeşlərimiz qəhrəmandırlar.
"Azerinews.az" xəbər verir ki, bunu "Kəpəz"in gürcüstanlı futbolçusu Mate Kvirkviya ölkəsinin milli komandasının AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanması ilə bağlı danışarkən deyib.
27 yaşlı yarımmüdafiəçi Gürcüstan millisinin tarixi zəfərini şərh edib: "İlk olaraq eşitdiyim bütün xoş sözlərə görə azərbaycanlı azarkeşlərə təşəkkürümü bildirirəm. Bəli, dünən biz möhtəşəm qələbə qazandıq. Hisslərimi ifadə etmək mənim üçün çətindir. Yeni Gürcüstanın yeni tarixi yazıldı. Bütün ölkə sevinir, bayram edir. Küçələrdə bu təmtərağı, şənliyi görmək əvəzolunmazdır. Çoxdandır ki, bu günü gözləyirdik. Nəhayət, biz bura gəlib çatdıq".
Kvirkviya "qələbəni kiminlə qeyd etmisiniz" sualını cavablandırıb: "Təbii ki, komanda yoldaşım və dostum Georgi Papunaşvili ilə bütün gecəni bu tarixi zəfəri bayram etmişik. Sonda qonşularımız səs-küyə gəldilər. Onlar elə biliblər ki, evdə nəsə problem olub. (gülür)".
Qeyd edək ki, AVRO-2024-ün pley-off raundunun final oyununda Yunanıstana penaltilər seriyasında qalib gələn (4:2) Gürcüstan millisi tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanıb. Komanda qitə çempionatında Portuqaliya, Çexiya və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq. Turnir 14 iyun – 14 iyul aralığında Almaniyada keçiriləcək.