Bakıda mağazada qətl törədilib, 39 yaşlı kişi təslim olub
Bakının Nizami rayonunda qətl törədilib.
Nizami rayon prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, Koroğlu metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 10:30 radələrində paytaxtın Nizami rayonunda küçələrin birində 1991-cı il təvəllüdlü Məmmədov Nurlan Kərəm oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Hüseynov Əhməd Balaəli oğlu könüllü polisə gələrək cinayət hadisəsini onun törətdiyini bildirib.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.