Türkiyənin vitse-prezidenti YAP nümayəndə heyətini qəbul edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
YAP-dan verilən məlumata görə, Cevdet Yılmaz Antalya Diplomatiya Forumunun regional və beynəlxalq məsələlərin müzakirəsi baxımından etibarlı platforma olduğunu diqqətə çatdırıb. O, qardaş ölkə təmsilçilərinin forumda iştirakının faydalı və önəmli olduğunu söyləyib.
Vitse-prezident fevralın 7-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyevin bu il fevralın 19-da Türkiyəyə rəsmi səfərini məmnunluqla xatırladan C.Yılmaz iki dost və qardaş ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyini, dövlət başçılarının iradələri əsasında ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib. Qeyd edilib ki, Türkiyə və Azərbaycanın beynəlxalq platformalarda da bir-birini fəal şəkildə dəstəkləməsi milli maraqlarımızın təmin olunması, strateji hədəflərin gerçəkləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Prezident İlham Əliyevin Zəfər seçkisində qazandığı inamlı qələbənin xalq-Lider birliyinin nümunəsi olduğunu vurğulayıb.
Prezident İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin Azərbaycan-Türkiyə qardaşlığının bariz örnəyi olduğunu diqqətə çatdıran Tahir Budaqov yeni mərhələdə iki dövlət arasında çoxşaxəli, məqsədyönlü işbirliyinin həm ölkələrimizin inkişafına, həm də regional və beynəlxalq təhlükəsizliyə xidmət etdiyini söyləyib. “Ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış sarsılmaz qardaşlıq əlaqələri və strateji müttəfiqlik münasibətləri Azərbaycan-Türkiyə birliyini gücləndirən çox önəmli amillərdir. Bu birlik Türk dünyasında da əməkdaşlığın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının güc mərkəzi kimi inkişafı üçün yeni imkanlar və parlaq perspektivlər yaradır”, - deyə YAP Sədrinin müavini bildirib.
Forumun önəminə diqqət çəkən YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, bu platforma dünya miqyasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafı, dünya ölkələrini maraqlandıran qlobal məsələlərin dialoq və diplomatiya müstəvisində həlli baxımından olduqca əhəmiyyətli və faydalıdır. O, rəhbərlik etdiyi nümayəndə heyəti adından Forumun işinə uğurlar arzulayıb.
Tahir Budaqov iki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini də məmnunluqla diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.