Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər
Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər.
"Azerinews.az" xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək Dini Liderlərin Bakı Görüşündə iştirak etmək üçün Bakıya gələn Rus Pravoslav Kilsəsinin Xarici kilsələrarası əlaqələr şöbəsinin sədri, Patriarx Kirilin vikarisi Mitropolit Antoniy ilə görüşündə qeyd edib.
QMİ sədri Prezident İlham Əliyevin himayəsi ilə ənənəvi keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu aktual problemlərin müzakirəsi üçün ciddi platforma olduğunu diqqətə çatdırıb.
O bildirib ki, forum çərçivəsində QMİ-nin təşkilatçılığı ilə həm Bakıda, həm də Şuşada tədbirlər keçiriləcək, 40-dan çox ölkəni təmsil edən dini liderlər və tanınmış ictimai xadimlər dinlərarası dialoq vasitəsi ilə etimadın möhkəmləndirilməsi, eləcə də digər məsələlər ətrafında müzakirələr aparacaqlar.
QMİ ilə Rus Pravoslav Kilsəsi arasında faydalı əməkdaşlığa və qarşılıqlı etimada söykənən əlaqələrin olduğunu diqqətə çatdıran Allahşükür Paşazadə 30 ilə yaxın müddətdə davam edən Ermənistan-Azərbaycan münaqişəsinin dini zəminə keçməməsi üçün Patriarx Kirilin gördüyü işləri, vasitəçilik missiyasını yüksək qiymətləndirib.