Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
“Fevral ayı mürəkkəb sinoptik şəraitlə fərqlənir. Qlobal iqlim dəyişmələrinin təsiri ilə bu ayda atmosfer prosesləri daha dinamik xarakterli olur. Belə ki, qısa zaman ərzində həm isti dövr, həm də soyuq dövr üçün xarakterik olan hava şəraiti formalaşır”.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a məlumat verib.
“Fevral ayının ilk ongünlüyündə ölkəyə daxil olan cənub istiqamətli axınların təsiri nəticəsində ölkə ərazisində qış fəslinə xas olmayan mülayim, yağmursuz və isti hava şəraiti müşahidə olunsa da, fevralın 15-dən şimaldan daxil olan soyuq hava kütlələrinin təsiri ilə havanın temperaturunun ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcəyi, arabir küləkli, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Sinoptikin sözlərinə görə, fevralın 15-dən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib. Artıq Naxçıvan MR-də, Zaqatalada yağış, Şahdağda isə qar yağır.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 18-dək davam edəcək”.