Meteohəssas insanların NƏZƏRİNƏ: İki gün maqnit qasırğası olacaq
“Mayın 11-12-də maqnit qasırğası gözlənilir”.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.
Vurğulanıb ki, 8-9 may tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə saat 09:00-dan 12:00-dək qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.
Qeyd olunub ki, bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.