Ukraynada təhsil alan azərbaycanlı tələbələrə güzəştlər tətbiq edildi
“Ukraynada müharibə başlayan ərəfədə sonuncu kursda təhsil alan azərbaycanlı tələbələrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən diplomların tanınmasında güzəştlər tətbiq edildi. Lakin bu güzəştlər növbəti illərdə oraya üz tutan tələbələrə aid deyil”.
“Azerinews.az” xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov TKTA və Media Agentliyinin birgə keçirdiyi infosessiyada bildirib.
“Vətəndaşlara Ukrayna universitetlərinə getməyi tövsiyə etmirik. Onlar ora qəbul olduqdan sonra müharibəni səbəb kimi gətirərək ölkədaxili universitetlərə transfer edilmələrini tələb edirlər. Həmin tələbələrə güzəştlər tətbiq olunmayacaq.
Təkcə Ukrayna deyil, bu qaydalar qonşu Türkiyəyə də aiddir. Bu axının qarşısının alınması, əmək bazarına səriştəli kadrların daxil olması üçün bunu etməliyik. Bəzi təhsil şirkətləri insanları yanlış yönləndirərək asan diplom verən universitetlərə, aktiv müharibə şəraiti olan ölkələrin təhsil müəssisələrinə yönləndirirlər", - deyə Tural Əhmədov qeyd edib.