İsrail Ordusu: Qəzzada 100 gün ərzində 9 min yaraqlı məhv edilib
İsrail hərbçiləri 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında HƏMAS-ın 2 briqada və 19 tabur komandiri də daxil olmaqla 9 mindən çox yaraqlısını məhv edib, həmçinin radikalların 30 minə yaxın hədəfinə hücum edib.
“azerinews.az” xəbər verir ki, bu məlumatlar İsrail Ordusunun mətbuat xidmətinin müharibənin 100 gününün nəticələrinə dair dərc etdiyi xülasədə yer alıb.
Hərbi əməliyyatlar başlayandan Qəzzadan İsrailə 9 minə yaxın raket və mərmi atılıb. Oktyabrın 7-dən İsrail Ordusu bu zolaqdakı 30 minə yaxın radikal hədəfə, o cümlədən 3,4 mini hərbi hədəfə hücum edib.
Hərbi kəşfiyyat Qəzza zolağında terror fəaliyyətində əli olmaqda şübhəli bilinən 2,3 minə yaxın fələstinlini dindirib, onlardan bəziləri həbs edilərək növbəti dindirilmə üçün İsrailə aparılıb. Hərbçilər həmçinin Qəzza zolağına humanitar yardım aparan 7 653 yük maşınının İsrailin nəzarətindən keçdiyini və təxminən 138 min ton yükü Fələstin anklavına çatdırdığını bildirib.
Ordunun məlumatına görə, qarşıdurma başlayandan bəri Livanda “Hizbullah” hərəkatının təxminən 170 mövqeyinə hücum edilib və 170-dən çox silahlı radikal öldürülüb. Bu müddət ərzində Livandan İsrailə 2 minə yaxın raket atılıb, Suriya ərazisindən isə daha 30-a yaxın mərmi atılıb.
Oktyabrın 7-dən İordan çayının qərb sahilində axtarışda olan 2,6 mindən çox fələstinli, o cümlədən 1,3 min nəfərdən çox HƏMAS tərəfdarı saxlanılıb. Hesabatda İordan çayının qərb sahilində 100 gün ərzində ən azı 40 irimiqyaslı reyd keçirildiyi, xüsusilə də terrorda ittiham olunan 14 fələstinlinin evinin söküldüyü bildirilir.