Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir

Müttəfiq ölkələrin anbarlarında "Patriot" zenit-raket kompleksləri üçün raketlər olduğu halda onların Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında paylaşımında deyilir.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri gün ərzində Rusiyanın pilotsuz uçuş aparatları və qanadlı raketlərinin vurulmasında uğur qazanıblar, lakin ballistik raketlərə qarşı müdafiədə problemlər qalmaqdadır.
"Döyüşçülərimiz bu gün pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin vurulmasında yaxşı nəticələr göstərdilər. Təəssüf ki, bunu Rusiya ballistik raketləri barədə demək mümkün deyil. Səbəb isə məhz ələkeçirici raketlərin kifayət qədər olmamasıdır", – Zelenski bildirib.
Prezident qeyd edib ki, Ankarada keçiriləcək NATO sammitinin əsas nəticələrindən biri Ukraynanın hava məkanının müdafiəsinin gücləndirilməsi ilə bağlı konkret qərarlar olmalıdır.
"Çox vacibdir ki, dünya, ilk növbədə ABŞ və Avropadakı tərəfdaşlarımız, Ankaradakı NATO sammitini səmanın müdafiəsini, adi insanların həyatını qorumağı gücləndirəcək qəti qərarlarla başa vursunlar", – o vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: