Nora getdi, Tükəzban qaldı...

Bu gün, 17:51 6 dəfə baxılıb

"Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!"

Mən  elə bilirdim ki, Mirzə Ələkbər Sabirin bu harayı yalnız yaşadığı dövrün qadınlarına ünvanlanıb. Elə bilirdim ki, onun yaratdığı Tükəzban XIX əsrin qaranlığında itib-batan, təhsildən, hüquqdan, söz haqqından, azad seçimdən məhrum edilmiş Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır. Düşünürdüm ki, o Tükəzbanlar tarix kitablarının köhnəlmiş səhifələrində qalıb, zaman onları geridə qoyub.
Amma yanılmışam.
Sən demə, dahi Sabirin yüz ildən artıq əvvəl ürək ağrısı ilə təsvir etdiyi mənzərə tamamilə yox olmayıb. Sən demə, Tükəzbanlar hələ də yaşayır. Sadəcə libasları dəyişib, ünvanları dəyişib, amma taleləri dəyişməyib. 
İnkişafın, texnologiyanın, süni intellektin və informasiya bolluğunun hökm sürdüyü XXI əsrdə də bədbəxt Tükəzbanlar var. Həm də düşündüyümüzdən daha yaxın...
Bu yaxınlarda yolumuz Salyan rayonunun rayon mərkəzinə elə də uzaq olmayan kəndlərindən birinə düşdü. Qonaq olduğumuz ailə  bizi səmimiyyət və qonaqpərvərliklə qarşıladı. Lakin evdə keçirdiyim bir neçə saat mənə elə bir həqiqəti göstərdi ki, bütün o xoş təəssüratlar kölgədə qaldı.
Bu evdə qərarları yalnız kişi verirdi.
Qadının fikri, seçimi yox idi və yaxud yox kimi görünürdü. 
Ən ağır zərbəni isə söhbət əsnasında eşitdiyim bir hadisə vurdu.
Evin 14 yaşlı qızı artıq məktəbə getmirdi.
Atasının düşüncəsinə görə qız həddi-büluğa çatmışdı. Bundan sonra onun məktəbdə deyil, evdə oturmaq vaxtı idi. İndi onun əsas vəzifəsi "adını təmiz saxlamaq", gələcək həyat yoldaşını gözləmək idi.
Halbuki həmin qız məktəbin ən nümunəvi şagirdlərindən biri olub. Əla qiymətlərlə oxuyub, şəkli məktəbin Şərəf lövhəsini bəzəyib. Müəllimlərinin sevimli şagirdi, gələcəyinə böyük ümid və inam olan bir şagirdin oxumaq hüququ əlindən alınmışdı. Həm də doğma atası tərəfindən.
Ona ən böyük pisliyi başqası deyil,  damarlarında qanı axan kişi etmişdi.
Bu hadisə hansısa köhnə romanın süjeti deyil, yaşadığmız zamanın inanılmaz reallığıdır, gerçək hadisədir.
Qızın anası isə bu haqsızlığın qarşısında susurdu. Etiraz etmirdi. Çünki o da eyni taleyi yaşamışdı. Öz atası onu cəmi dördüncü sinifdən məktəbdən çıxarmışdı. Təhsildən məhrum edilmiş  qadın, indi qızının da eyni qaranlığa sürükləndiyini göz yaşları ilə deyil, səssizliyi ilə izləyirdi.
Bəlkə də susmurdu...
Sadəcə danışmağa haqqı yox idi.
Qadın həyatını bölüşdüyü adam üçün sadəcə uşaq doğan və inək sağan idi. 
Diqqətimi çəkən başqa bir məqam isə qadının hər cümlədən sonra ərinin üzünə baxması, 
 sanki dediyi sözün doğru olub-olmadığını onun baxışlarından öyrənmək istəyirdi. Elə bil hər an hansısa "səhv" söz işlədər, danlanar, alçaldılar, hətta fiziki zorakılığa məruz qalar deyə ürkək-ürkək ətrafa boylanırdı.
Onun gözlərində qorxu vardı.
Uzun illərin öyrətdiyi qorxu...
Həmin qadına baxdıqca yadıma Nora düşürdü.
Nora da ailəsini qorumaq, həyat yoldaşı Torvaldın həyatını xilas etmək üçün hər cür fədakarlığa qatlaşmışdı. O, sevginin hər şeyi dəyişəcəyinə inanmışdı. Lakin sonda acı həqiqəti dərk etdi: Torvald onu bir insan kimi deyil, sadəcə evinin yaraşığı, kuklası hesab edirdi.
Və Nora getdi.
Qapını çırpıb öz taleyinin ardınca getdi.
Bəs bizim Tükəzban?
O gedə bilərmi?
İllərlə "kişi nə deyirsə, odur", "qadının yeri evdir", "qız uşağı  oxumaz" kimi düşüncələrin içində böyüdülmüş, iqtisadi müstəqilliyi əlindən alınmış, cəmiyyət tərəfindən susmağa məcbur edilmiş bir qadın həmin qapını açmağa cəsarət edə bilərmi?
Ən böyük faciə də elə budur.
Tükəzbanlar öz talelərini talesizlik kimi qəbul etməyə başlayıblar.
Ən acısı isə budur ki, onların qızları da analarının taleyini miras alırlar. Beləcə cəhalət nəsildən-nəslə ötürülür, qadının susqunluğu yeni susqunluqlar doğurur.
Biz XXI əsrdə yaşayırıq.  Amma hələ də elə evlər var ki, orada bir qız uşağının məktəbə getməsi böyük "problem", qadının fikir söyləməsi isə "ədəbsizlik" hesab olunur.
Belə məqamlarda Sabirin illər öncə göyə ucalan fəryadı qulaqlarımda yenidən səslənir:
"Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!"
Aradan yüz ildən çox vaxt keçib.
Nora getdi...
Amma Tükəzban hələ də qaldı.
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya Rəbb...

Elida Laçın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031