SİMA İmza Vergi portalına inteqrasiya edildi

15-03-2024, 11:08 44 dəfə baxılıb

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin və kommersiya hüquqi şəxslərin qeydiyyatı prosesində bulud, açıq açar və “üz tanıma” texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza”nın tətbiqinə start verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan “SİMA İmza” 2023-cü ilin oktyabr ayından fiziki şəxslərin uçota alınmasında tətbiq edilir. Artıq bu elektron imza hüquqi şəxsin elektron qaydada dövlət qeydiyyatına alınması zamanı da istifadə ediləcək.

Dövlət Vergi Xidmətinin informasiya sistemində göstərilən texniki imkanları təmin etmək üçün müvafiq dəyişikliklər yerinə yetirilib. Görülən işlər çərçivəsində hüquqi şəxsin onlayn qeydiyyatı zamanı hüquqi şəxsin təsisçisinə və rəhbərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalına (new.e-taxes.gov.az) digər gücləndirilmiş elektron imzalarla yanaşı “SİMA İmza” elektron imza vasitəsilə də daxil olmaq imkanı yaradılıb. Daxil olma prosesində biometrik yoxlama (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təmin olunub.

Bununla yanaşı, “SİMA İmza” elektron imza ilə portala daxil olmuş istifadəçi üçün “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı” ərizəsi aktivləşdirilib.

Ərizə tam doldurulduqdan sonra təsisçiyə (təsisçilərə) və rəhbərə xüsusi ekranda ərizə məlumatlarına və nizamnaməyə baxış imkanı yaradılıb. Ərizənin və sənədlərin (nizamnamənin) imzalanması zamanı şəxslərin biometrik eyniləşdirməsi (“üz tanıma”, canlılıq testi, rotasiya testi) təkrar aparılır. Yoxlama uğurla başa çatmadıqda mövcud prosedurlara uyğun olaraq ərizənin göndərilməsi məhdudlaşdırılır.

“SİMA İmza” elektron imza vasitəsilə imzalanmış nizamnaməyə, qeydiyyat ərizəsinə və ona əlavə edilmiş sənədlərə vergi orqanında baxış imkanının olması da təmin edilib.

Qeyd edilməlidir ki, “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin (hazırkı adı Business Ready (B-Ready) “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”ndə kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin tətbiqi ilə bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Belə tədbirlərdən biri də daha innovativ texniki imkanlardan, alternativ identifikasiya üsullarından (“üz tanıma” üsulları) istifadə edilməklə kommersiya hüquqi şəxslərin elektron qeydiyyatının daha təkmil formada həyata keçirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930