Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji tərəfdaşlıq qurub
Elm və Təhsil Nazirliyi bəzi Azərbaycan universitetlərini dünyasəviyyəli tədqiqatlar aparan institutlara çevirmək və ali təhsil sektorunun qlobal nüfuzunu yüksəltmək niyyətindədir.
“Azerinews.az” “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə THE öz rəsmi saytında məlumat yayıb. Belə ki, THE Azərbaycan ali təhsilinə dair ətraflı, hərtərəfli və dolğun məlumatlara əsaslanan təhlil həyata keçirəcək və Azərbaycan universitetlərinin dərindən təhlilini təmin edəcək, onların gələcək uğurlarına dəstək olmaq üçün milli və fərdi strategiyalar hazırlayacaq.
Elm və təhsil naziri Emin Əmrullayev deyib: “Beynəlxalq reytinqlərdə fəal iştiraka marağın artması Azərbaycanın ali təhsil müəssisələri arasında reytinq mədəniyyəti anlayışını əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq reytinqlərin metodologiyasında istifadə olunan müxtəlif meyarlar ali təhsil müəssisələrinin potensialını qiymətləndirməyə və gücləndirməyə imkan verir, həmçinin ali təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir”.
THE-nin məlumatında, həmçinin qeyd olunur ki, təşkilat Azərbaycan universitetlərinin regional miqyasda fəaliyyətini müqayisə edəcək və milli tədqiqat strategiyası üzrə məsləhətlər verəcək. THE hazırda bu istiqamətdə Bakı Dövlət Universiteti (BDU) ilə birgə işləyir.
THE-nin qlobal məsələlər üzrə baş mütəxəssisi Fil Batinin sözlərinə görə, Elm və Təhsil Nazirliyi ali təhsilin tam potensialını reallaşdırmaq üçün real ambisiya nümayiş etdirir, tədqiqat potensialını və universitetlərin sosial təsirini inkişaf etdirmək məqsədilə mühüm addımlar atır. O hesab edir ki, bu da Azərbaycan vətəndaşlarına və beynəlxalq ictimaiyyətə əhəmiyyətli dərəcədə fayda verəcək:
“Azərbaycan noyabrda COP29-a ev sahibliyi edəcək və bu, ölkəyə qlobal diqqət üçün unikal fürsətdir. Azərbaycan universitetləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq sosial-iqtisadi təsirlərin nümayiş etdirilməsi və yeni beynəlxalq tədqiqat əməkdaşlığının inkişafına dəstək fəaliyyətlərini dünya arenasına çıxarmaq üçün fürsət əldə edəcəklər”.
Bundan başqa, Elm və Təhsil Nazirliyi universitetlərin davamlı inkişafda güclü tərəflərini nümayiş etdirmək və yeni beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq məqsədilə tədbirdə milli Azərbaycan pavilyonuna ev sahibliyi edən THE-nin Qlobal Davamlı İnkişaf Konqresinin tərəfdaşıdır. Məlumat üçün bildirək ki, 10-13 iyun tarixlərində Banqkokda keçiriləcək tədbir haqqında daha ətraflı məlumat əldə etmək və bilet sifarişi üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://bit.ly/3QrM6a7
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Sumqayıt Dövlət Universiteti (SDU) və nazirliyin birgə təşkilatçılığı ilə sentyabr ayında Azərbaycanda “THE Impact Forum 2024” keçiriləcək.