İran İsrailin mümkün hücumuna qarşı bir neçə cavab variantı hazırlayıb
Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Dörd adı açıqlanmayan İran rəsmisinin məlumatına görə, İranın Ali Rəhbəri Əli Xamenei hərbçilərə İsrail hücumunun miqyasından asılı olaraq bir neçə cavab planı hazırlamağı əmr edib.
Əgər hücum ciddi dağıntılara və çoxsaylı tələfata səbəb olarsa, İran zərbəyə cavab verəcək. Əgər yəhudi dövləti bir neçə hərbi baza və raket və dronların anbarlarına hücumla yetinərsə, Tehran cavab olaraq heç nə etməyə bilər. Mənbələr qeyd ediblər ki, İranın neft və enerji infrastrukturuna, nüvə obyektlərinə zərbə endirildiyi və yüksək vəzifəli məmurların öldürüldüyü təqdirdə cavab qaçılmaz olacaq.
Qəzet yazıb ki, mümkün tədbirlər arasında Tehran təxminən 1 000 ballistik raketin buraxılmasını, regionda İran müttəfiqlərinin hücumlarının aktivləşdirilməsini, Fars körfəzi və Hörmüz boğazında qlobal enerji təchizatı və gəmiçiliyin pozulmasını nəzərdən keçirir.
“The New York Times” əlavə edib ki, potensial İsrail zərbəsini gözləyərkən İran hərbçilərinə müharibəyə hazır olmaq əmr edilib, lakin Tehran eyni zamanda bundan qaçmağa çalışır.